Reklam verin!
Bir yumruq altında birləşmək...
“Qərbi Azərbaycan abidələri” Bu kitabın təqdimat mərasimində deyildi ki, Ermənistanda soyqırımına məruz qalan abidələrimiz haqqında yazılan belə sanballı nəşrlərə hər zaman ehtiyac var Dünən Muzeylər Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə beş dildə nəşr edilən “Qərbi Azərbaycan abidələri” kitabının təqdimat mərasimi keçirildi. Məlumat üçün qeyd edək ki, ötən il kitabın Azərbaycan dilində nəşrinin təqdimatı keçiriləndə Mədəniyyət və Turizm Nazirliyi həqiqətlərimizin dünya ictimaiyyətinə daha dolğun çatdırılması üçün onun bir çox dillərdə nəşr olunmasının zəruriliyini bildirmişdi. Kitabda qədim Türk-Oğuz yurdu olan Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisindəki Azərbaycan xalqına məxsus maddi- mədəniyyət abidələri haqqında məlumat verilib. Mərasimi giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın tarixi, xalqımızın başına faciələrin, bəlaların gətirilməsi haqqında dolğun məlumat verdi. Tarixi faktlar təsdiqləyir ki, azərbaycanlılar və türklər müxtəlif dövrlərdə ermənilərin soyqırımı və deportasiya siyasətinə məruz qalıb. “Böyük Ermənistan” iddiasında olan erməni millətçiləri havadarlarının dəstəyi ilə Azərbaycan xalqının başına müsibətlər gətirmiş, faciələr törətmişlər. Lakin daşnaklar tarixi saxtalaşdırmaqla dünya ictimaiyyətini yalanlarına inandırmaq yolunu tutmuş, buna qismən də olsa nail olmuşdular. Təbii ki, bu, Azərbaycan diasporunun, ideoloji təbliğatımızın zəif olmasından irəli gəlirdi. 20 faiz torpağı işğal altında qalan, bir milyondan artıq soydaşı qaçqın və köçkün vəziyyətində yaşayan Azərbaycan tərəfi olduğu halda ermənilər lobbi və diasporlarının gücü sayəsində beynəlxalq aləmdə Azərbaycan haqqında işğalçı dövlət imici yaratmağa çalışmışlar. Etiraf etmək lazımdır ki, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başımıza gətirilən faciələrə siyasi qiymət verilmişdir. Kitabın girişində ümummilli liderimizin həqiqəti özündə əks etdirən bu fikri qeyd olunub- “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən- min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.” Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanına əsasən 31 martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması bir daha keçmişə nəzər salmağa, həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmağa imkan yaratdı. Natiq bu günlərdə Bakıda keçirilən Dünya Azərbaycan və Türk diaspor rəhbərlərinin I Forumundan bəhs edərək, Prezident İlham Əliyevin bu fikrini diqqətə çatdırdı: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyincə Qərbi Azərbaycan torpaqlarının aqibəti məlum olmayacaq.” Nazir vurğuladı ki, Azərbaycanlıların soyqırımı günü ərəfəsində toplaşmaqla bir daha bu fikri dəstəkləyir, tarixi elmi əsaslarla sübut edir, dünya ictimaiyyətini erməni yalanlarını ifşa etməyə çağırırıq. Ə.Qarayev ötən il YAP Siyasi Şurasının və Qaçqın və Məcburi köçkünlərlə İş üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə “Qərbi Azərbaycan abidələri” kitabının Azərbaycan dilində nəşrinin təqdimatından bəhs edərək, bildirdi ki, həmin dövrdə yeni yaradılmış Mədəniyyət və Turizm Nazirliyi bu kitabın müxtəlif dillərdə nəşr edilməsinin vacibliyini önə çəkdi. Bu gün həmin kitab beş- Azərbaycan, rus, fransız, ingilis, alman dillərində çap olunub. Bu addımın atılması bir daha sübut edir ki, İrəvan xanlığı, Qərbi Azərbaycan, müxtəlif mahallar məhz Azərbaycan xalqına məxsusdur, Azərbaycan tarixi bu torpaqlarla bilavasitə bağlıdır və bu tarix bizdən ayrılmazdır. Kitabın yeni nəşrinə xeyli təzə materiallar daxildir. 180-ə qədər tarixi abidə haqqında məlumat var. Ə.Qarayev kitabın müəllifi Əziz Ələkbərlini, redaktorlarını, məsləhətçilərini, rəyçiləri, bütün Azərbaycan ictimaiyyətini təqdimat münasibətilə təbrik etdi. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək, Azərbaycanın 1993-cü ildən bəri diplomatiya sahəsində qazandığı uğurlardan danışdı. Bildirdi ki, ermənilər diasporlarının gücü sayəsində beynəlxalq aləmdə özləri barədə “yazıq, məzlum, əzilən və döyülən”, azərbaycanlılar, türklər haqqında isə “zalım” millət, xalq imici formalaşdırmaq üçün cəhdlər göstərmişlər. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın ətrafında mövcud olan informasiya blokadası yarıldı, dünya həqiqəti olduğu kimi qəbul etməyə başladı. Ermənilərin ic üzü beynəlxalq ictimaiyyətə açıqlandı. Ə.Həsənov ölkəmizin bütün sahələrdə inkişaf yolunda olduğunu qeyd edərək, mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunu önə çəkdi. Bildirdi ki, Azərbaycanın siyasi, iqtisadi, diplomatiya sahəsində uğurları bu problemimizin həllinə böyük zəmin yaradır. Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, professor Nizami Cəfərov, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Əliyev, akademik, AMEA-nın Coğrafiya İnstitutunun direktoru Budaq Budaqov, filologiya elmləri doktoru, professor Həsən Mirzəyev çıxış edərək, bildirdilər ki, “Qərbi Azərbaycan abidələri” indiki Ermənistan ərazisində qalan maddi- mədəniyyət nümunələrimizdən xəbər verən dəyərli bir kitabdır. Dünya bilməlidir ki, Ermənistan ərazisində yerləşən və bu gün dünya ictimaiyyətinə “qədim erməni abidələri” kimi təqdim olunan bütün yeraltı və yerüstü maddi- mədəniyyət nümunələri Azərbaycan xalqına məxsusdur. Vurğulandı ki, Azərbaycan həqiqətlərini özündə əks etdirən bu kimi kitabların nəşrinə böyük ehtiyac var. Tədbirdə Misir, Belarus, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstan və digər ölkələri Azərbaycanda təmsil edən fövqəladə və səlahiyyətli səfirlər də iştirak edirdilər. Sonda Azərbaycanın tarixi mədəni irsinə daxil olan Qərbi Azərbaycan abidələrini əks etdirən foto və eksponatlardan ibarət sərginin açılışı oldu.
Bookmark and Share

Açar sözlər:

Yazar: Azerbaycanim | Tarix: Fevral 12, 2008 10:34 | Qərbi Azərbaycan | Şərhlər(0) | Baxış sayı: 128

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha